|
Xarici valyutaların devalivasiyası qiymət artımına təsir göstərməsə də, bazarda gəlirliyi aşağı salıb «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) monitorinq qrupunun oktyabr ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda mövsümlə əlaqədar nisbi aktivlik qeydə alınıb. Ayın əvvəlində avtomobillərin qiymətinə təsir göstərməyən dinamiklik müşahidə olunub ki, bu, özünü bağlanan əqdlərin dinamikasında da göstərib.
Oktyabrda sentyabr ayı ilə müqayisədə təklif stabil qalmışdır. Təklifin stabil qalmasına baxmayaraq tələb dəyişməz qalıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə cüzi artım qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının artmasına az da olsa (1,4%), təsir göstərib. Ay ərzində bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməyib və ötən ay olduğu kimi orta qiymət 16100 ABŞ dollarına bərabər olubdur. Bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını alıb. Ekspozisiya müddətinin aşağı düşməsinə baxmayaraq əmlakın bu növü üzrə risk dərəcəsi hələ də yüksək olaraq qalmışdır ki, bu da öz növbəsində avtomobillərin likvidlik əmsalına mənfi təsir göstərib. Oktyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 7100-dən artıq avtomobilin 40,2%-i bazara məhz oktyabr ayı ərzində təklif olunub. Qalan 59,8%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində özünü göstərsə də bazarda tələbin aşağı olması avtomobillərin satış qiymətlərinin artmasının qarşısını alıb. Avtomobillərin satış qiymətləri çox artmasa da sahibkarlar xarici valyutaların devalivasiyasının bazara mənfi təsir göstərdiyini və avtomobillərin gəlirlik dərəcəsinin azaldığını gizlətmirlər. İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı ümumi portfeldə yenidən 38,6%-ə qalxıb (artım 4,6%). Buna baxmayaraq «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 82,5% təşkil edib. Yerdə qalan 17,5% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə də ili yeni olan avtomobillərin artımı ilə müşahidə olunur. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2009-cu illəri əhatə edib. Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə, son ayların araşdırmaları bazarda «Ofrouder» tipli avtomobillərə maraq göstərənlərin sayının artdığından xəbər verir (26,9%). Qış mövsümünün yaxınlaşması Ofruderlərə maraq göstərənlərin sayını bir qədər də artırmışdır. Hazırda avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri də avtomobilin onların rahatlığını tam təmin etməsi ilə bağlıdır. İndi alıcıların mütləq əksəriyyəti avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillərə üstünlük verirlər (Diaqram 4). Bazardakı 1990-2009-cu il istehsalı olan avtomobillər arasında aparılan monitorinqin ümumi nəticəsinə görə indi bazara təqdim olunan avtomobillərin 91,1 %-i avtomat sürət qutusu ilə təchiz olunanlardır.
|