|
24.08.2010 16:00 |
|
Passiv vəziyyət davam edir «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) monitorinq qrupunun iyul ayında avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olan passivlik davam edib.
Son 4 ay ərzində müşahidə olunan passiv tendensiyanın təklifin artımı hesabına daha da dərinləşməsi bağlanan əqdlərin dinamikasına və qiymətlərə mənfi təsir göstərib. İyul ayında avtomobil bazarında ili köhnə olan avtomobillərin hesabına təklifin kəskin artımı (11,5%) müşahidə olunmuşdur. Təklifin tələbi üstələmə tendensiyası iyul ayında bir qədər də dərinləşmişdir. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-2.7%) təsir göstərib. İyulda bazarda orta qiymət əvvəlki ayla müqayisədə 1,5% azalmış və orta qiymət 15380 dollardan 15150 dollara enmişdir. Bazarda müşahidə olunan passivlik iyul ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olmuşdur. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olmuş, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırmışdır. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşmüşdür. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 7450-dən artıq avtomobilin 35,8%-i bazara məhz iyul ayı ərzində təklif olunub. Qalan 64,2%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və dinamikanın kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki 4 ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası iyul ayında bir qədər də kəskin hal almış və iyul ayında bazarda ən yüksək təklif əmsalı qeydə alınmışdır. Üç ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı əvvəlki ayla müqayisədə 8.8% artmış, bu markanın ümumi portfeldə payı 37,2% təşkil etmişdir. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınmışdır. Təklif üzrə ən cox artım istismarda olmuş Rusiya istehsalı olan avtomobillər üzrə (52,9%) qeydə alınmışdır. Buna baxmayaraq araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 83,8% təşkil edib. Yerdə qalan 16,2% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ötən ayla müqayisədə ciddi dəyişikliklər baş vermişdir. İyulda yenidən ili köhnə olan avtomobillərin artımı müşahidə olunmuşdur. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2009-cu illəri əhatə edib. |