|
Ziyad Səmədzadə: «Hər bir pensıyaçının, təqaüdçünün, ünvanlı yardıma ehtıyacı olan insanın tələblərinin ödənilməsi məsələsində meydana çıxan problemlər diqqət mərkəzindədir” Hökumət parlament qarşısında hesabat verdi. Bu hesabat il ərzində görülmüş işləri nə dərəcədə real xarakterizə etmək millət vəkillərinin işi olduğundan mövzu ilə məhz Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin fikirlərini öyrənməyi qərara aldıq.
- Ziyad müəllim, Siz hökumətin son birillik fəaliyyətini necə qiymətləndirirsiniz? Hökumətin fəaliyyəti ilə bağlı ciddi tənqidi fikirlər də sərgilənir... - Əvvəla, mən hökumətin son birillik fəaliyətini müsbət qiymətləndirirəm və bu yöndə səslənən tənqidi fikirləri də əsaslı saymıram. Eyni zamanda, Azərbaycan dövlətinin başçısı özü Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş müşavirəsində çıxışı zamanı hökumətin gördüyü işlər barədə kifayət qədər məlumat verib. Ana xətt də ondan ibarətdir ki, 2009-cu ildə qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilib. Baxmayaraq ki, 2009-cu il bütün dünyada olduğu kimi, Azərbaycanda da problemlər yaratdı, neftin qiyməti aşağı düşdü, büdcə gəlirləri müəyyən dərəcədə azaldı, müəyyən proqramların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxdı. Amma bütövlükdə Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9 faiz sürətlə Ümumi Daxili Məhsulu (ÜDM) artırdı. Ümumiyyətlə, hökumətin hesabatının ana xəttini iqtisadi sahədə görülən işlər təşkil edir və bu sahədə gördüyü işlər isə göz qabağındadır. Hökumət xüsusən sosial sahədə nəzərdə tutulmuş bütün proqramların həllinə nail oldu. Yəni, büdcədə müdafiə olunan xərclər bloku var və bu blokda heç bir gerilik olmadı... - İddia edirsiniz ki, ötən müddət ərzində problemlər olmayıb və yaxud olmadı... - Təbii ki, problemlər var, oldu, bunu heç kim inkar etmir. Yeni müəssisələrin işə salınması, daxili bazarın qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan iqtisadiyyatının idxaldan asılılığının azaldılması istiqamətində müəyyən problemlərimiz mövcuddur. Mən bunu bir iqtisadçı kimi deyirəm, amma hökumətin, daha doğrusu, dövlət başçısının müəyyən etdiyi vəzifələr bu müddət ərzində uğurla həyata keçirilib və keçirilir. Siz özünüz də neçə illərdir parlamentin fəaliyyətini yaxından izləyirsiniz, hökumətin hesabatlarını dinləyirsiniz. Görürüsünüz ki, parlamentə təqdim olunan hökumətin hesabatı çoxşaxəli olur. İldən-ilə bu hesabatın strukturu təkmilləşir. 5 il, 6 il, 7 il bundan qabaq hökumətin hesabatının strukturu ilə indiki hesabatın strukturu arasında xeyli fərq var. Çünki ötən müddət ərzində çox böyük işlər görülüb. Hökümətin hesabatı zamanı isə millət vəkilləri həll olunmayan problemlər barədə də fikirlərini bildirdilər. Ümumiyyətlə, hökumətin parlament qarşısında hesabatının ən vacib məqamı ondan ibarətdir ki, qanunvericilik orqanı özünün müəyyən etdiyi dövlət büdcəsinin yerinə yetirilməsi barədə müəyyən məlumatları alır və millət vəkilləri öz irad və təkliflərini bildirirlər. - Amma bir məsələ var ki, məsələn, ünvanlı sosial yardımların verilməsi ilə bağlı ötən ilin ortalarından yaranan problem hələ də həll olunmamış qalır... - Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Ümumiyyətlə, hər bir pensiyaçının, təqaüdçünün, ünvanlı yardıma ehtiyacı olan insanın tələblərinin ödənilməsi, bu, qanuni bir məsələdir və burada meydana çıxan problemlər, təbii ki, diqqət mərkəzində olmalıdır və diqqət mərkəzindədir. Bizdə olan məlumata görə, Hesablama Palatası bu sahədə çox yaxşı yoxlamalar aparıb, yoxlamaların nəticələri yuxarı instansiyalara çatdırılıb, eyni zamanda, müvafiq inzibati orqanlara göndərilib. Bəzən müəyyən əngəllərin yaranması heç də müvafiq işlərin guya yuxarı səviyyədə həll edilməməsindən yaranmır. Bu məsələ əsasən yerlərdə, deyərdim ki, soyuq, laqeyd, bəzən də xoşagəlməz meyllər üzündən yaranır. Bunlar da həm hökumət, həm də Hesablama Palatası tərəfindən ciddi araşdırılır. Yəqin ki, onun nəticələri barədə də kifayət qədər məlumatlar veriləcək. - Yeri gəlmişkən, üçüncü çağırış parlament artıq öz müddətini başa vurmaq üzrədir. Ancaq hələ də Rəqabət Məcəlləsi üçüncü oxunuşun müzakirəsinə çıxarılaraq, bürövlükdə qəbul olunmamış vəziyyətdə qalır. Sizcə, bu ləngimə nə ilə bağlıdır? - Birincisi, burada ləngimədən söhbət gedə bilməz. İkincisi, dünyada yaşanan məlum maliyyə-iqtisadi böhran aşkar etdi ki, biz bir çox qanunlarımıza yenidən baxmalıyıq. Rəqabət Məcəlləsinin son variantına gəlincə, bir komitə sədri, millət vəkili kimi çalışıram ki, daxili bazarın qorunması imkanlarından səmərəli istifadə edək. Dünyanın bir çox ölkələri, hətta inkişaf etmiş ölkələr böhran şəraitində öz iqtisadiyyatlarını tənzimləmək, inkişaf etdirmək üçün müəyyən tədbirlər görürlər. Biz də baxırıq ki, görək, bu məsələlər bizim iqtisadiyyatımızda, eyni zamanda Rəqabət Məcəlləsində necə əksini tapacaq. Uzağa getməyək, indi ortaya modifikasiya olunmuş qida məhsulları problemi çıxır. Ona görə Rəqabət Məcəlləsində də bu məsələ hansısa formada əksini tapmalıdır. Məsələn, həmin məhsullar ucuz başa gəlir, bazara daxil olur, ancaq yerli və daha çox keyfiyyətli məhsullar bir növ bazardan sıxışdırılmış vəziyyətə salınır. İndi belə olan halda, həmin məhsulların daxili bazara daxil olması nə dərəcədə düzgündür? Biz azad, açıq iqtisadiyyatdır deyə, hər şeyi açıb ortaya qoya bilmərik ki? Bu, azad rəqabət deyil, bu, çirkin rəqabət ola bilər. Biz, eyni zamanda, Rəqabət Məcəlləsini bəzi Qərb iqtisadçılarının dediyi kimi qəbul etsək, o zaman bunun bizim millətə çox böyük zərəri ola bilər. Demək istəyirəm ki, ortalıqda bu kimi məsələlər var və o məsələlər həll olunandan sonra bu Məcəlləni üçüncü oxunuşda müzakirəyə çıxarmaq olar və çox güman ki, çıxaracağıq.
|