|
Neft Fondunun əlavə gəlirləri 1,9 milyard manat təşkil edirsə, ölkə üçün zəruri olan bir sıra xərclər niyə də artırılmasın? «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanuna edilən əlavə və dəyişikliklər təsdiq olunsa da, bu məsələ ətrafında müzakirələr səngimir.
Hökumət rəsmilərinin dəyişiklik barəsində qəfil qərar qəbul etməsinin səbəbləri fərqli izah olunur. Çünki bir müddət öncə həm maliyyə naziri Samir Şərifov, həm də Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdilər ki, 2010-cu ilin büdcəsinə heç bir dəyişikliyə ehtiyac yoxdur. Çünki nəzərdə tutulan bütün layihələrin icrasında heç bir problem yoxdur. Amma çox keçmədən bu məsələ gündəmə çıxarılıb, qəbul olundu. Dəyişikliklərin meydana çıxması, həm neftin baza qiymətinin dünya bazarındakı qiymətindən çox aşağı olması, həm də Kür və Araz daşqınlarının ölkə iqtisadiyyatına vurduğu zərərin konpensasiya olunması ilə izah olunur. İqtisadçı millət vəkili Vahid Əhmədovla söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq. - Vahid müəllim, cari ilin büdcəsinə edilən dəyişikliklər hansı zərurətdən irəli gəldi? - Sözügedən Qanun layihəsi Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Sənəd «Büdcə sistemi haqqında» qanuna uyğun hazırlanıb, ölkəmizdə davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Mən deyərdim ki, son ayların iqtisadi göstəriciləri, dünya bazarında neftin qiymətinin artması, büdcəyə əlavə vəsaitlərin daxil olması, dünyada baş verən təbii fəlakətlərin Azərbaycandan yan keçməməsi kimi amillər dövlət büdcəsinə dəyişikliklər edilməsi zərurətini yaradıb. Eyni zamanda bu gün dünya bazarında neftin orta qiyməti faktiki 75,5 dollardır, büdcədə isə 45 dollar nəzərdə tutulub və bu, əlavə vəsaitlərin daxil olmasına şərait yaradır. Bu da bizə həmin göstəricini 60 dollara qədər artırmağa imkan verirdi. - Bəs may ayında hökumət rəsmiləri nəzərdə tutulan layihələrin maliyyələşməsində heç bir problem olmadığı əsas gətirilərək, əlavə və dəyişikliyə ehtiyac olmadığı bildirirdilər… - Düzdür, indiyə qədər həm vergi ayırmaları üzrə daxilolmalar, həm də iqtisadi-sosial layihələr artıqlaması ilə yerinə yetirilib. Onların icrasında hansısa problem yaranmayıb. Lakin neftin artan qiyməti fonunda Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri 1,9 milyard manat təşkil edirsə, büdcənin mədaxil hissəsi 1,5 milyard manat artırılırsa, gəlirlərin belə artımı şəraitində ölkə üzün zəruri olan bir sıra xərclər niyə də artırılmasın? - Həmin əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz? - Dəyişikliklərdən sonra cari il üçün dövlət büdcəsi gəlirlərinin 11 milyard 505 milyon manat, xərclərinin isə 12 milyard 275 milyon 300 min manat məbləğində təsdiq edildi. Artımdan sonra gəlirlərin 3 milyard 620 milyon manatı qeyri-neft sektorunun, 7 milyard 885 milyon manatı isə neft sektorunun payına düşəcək. Beləliklə, gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 milyon manat azaldılacaq. Beləliklə, dəyişikliklərlə büdcə kəsiri 2,3 faiz olacaq. Mən bu amili çox yüksək qiymətləndirirəm. - Parlamentdəki çıxışınızdan məlum oldu ki, təbii fəlakətin artırılmasına yönəldilən vəsaitin məbləğini yetərli hesab etmirsiniz? - Araz və Kür çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat ayrılır. Bu yetərli ola bilməz. Mən təbii fəlakətin nəticələrini aradan qaldırılması üçün ayrılan vəsaitin artırılmasını təklif etdim. Ona görə ki, təbii fəlakət zonaları yalnız Kür-Araz bölgəsiylə əlaqələndirilməli deyil. Digər bölgələrdə - Quba, Xaçmaz, Şəki, Zaqatala, Şamaxı, Göyçay ərazilərində torpaq sürüşmələri olur, evlər torpaq altında qalır. Təbii fəlakətlə əlaqədar xüsusi proqram işlənib hazırlanmalı, bunun üçün maliyyə ehtiyatları təsdiq olunmalıdır. Amma büdcə dəyişikliklərində nəzərdə tutulan müdafiə xərclərinə 400 milyon manatın əlavə edilməsi çox məqbuldur. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Həmçinin Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 milyon manat, elmə 3 milyon manat, səhiyyəyə 10 milyon manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 milyon manat artırılacaq. Ümumiyyətlə, 2010-cu ilin büdcə dəyişiklikləri qənaətbəxş hesab edilə bilər. - Vahid müəllim, siz də daxil olmaqla, əksər iqtisadçı mütəxəssislər dövlət büdcəsinin neft gəlirlərdən asılılığını neqativ hal kimi dəyərləndirirsiniz. Bu dəfəki əlavə və dəyişikliklərdən sonra neft faktorundan asılılıq bir qədər də artacaq. Belə bir büdcə dəyişikliklərini necə qənaətbəxş saymaq olar? - Biz həmişə onun tərəfdarı olmuşuq ki, büdcənin neft faktorundan asılılığı ilbəil azaldılsın. Bəli, büdcə düzəlişlərinə qədər Neft Fondundan 4,9 milyard manat transfer nəzərdə tutulmuşdusa, indi bu göstərici bir qədər də artacaq. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın ixracının əsasını neft və neft məhsulları təşkil edir. Büdcənin hardasa 60-70 faizi istəsək də, istəməsək də neft və qazdan gələn gəlirlər hesabına formalaşır. Ona görə də bu məsələdən qaçmaq çox çətindir. Sadəcə, hökumət elə etməlidir ki, bir-iki ildən sonra neftdən asılılıq 30-40 faizə endirilsin. - Müstəqil ekspertlər hökumətin hər il büdcəyə yenidən baxmasını əvvəldən düzgün proqnozlaşdırma apara bilməmələri ilə izah edirlər. Halbuki Rusiyada növbəti 3 ilin büdcə proqnozlarını elə tərtib edirlər ki, həmin proqnozlar özünü doğruldur. Azərbaycan hökuməti düzgün proqnozlaşdırmaya necə nail olmalıdır? - Razıyam, son illər neftin qiyməti ilə bağlı proqnozlar özünü doğrultmur. 2009-cu ilin büdcəsi üçün neftin qiymətini müəyyənləşdirəndə biz təklif etdik ki, aşağı rəqəm götürülsün. Amma bunu nəzərə almadılar. Eyni şey 2010-cu ildə də oldu. Nəticə göz qabağındadır. Fikrimcə, ya Maliyyə Nazirliyi, ya da İqtisadi İnkişaf Nazirliyi nəzdində proqnozlaşdırma institutu yaradılmalıdır. - Büdcənin xərclərinin 15 faiz artırılması əlavə inflyasiya təzyiqi yaratmayacaq? - Büdcənin 15 faiz artması inanmıram ki, ciddi inflyasiya yükü yaratsın. Əlbəttə, bu il əvvəlki ildən fərqli olaraq inflyasiya tempi yüksək olacaq. Bunu nəzərə almaq lazımdır. Təxmini hesablamalara görə, bu il inflyasiya 5 faizdən yuxarı olacaq. - Əmək haqları və pensiyaların artımı nə zaman baş verə bilər? - Parlamentin plenar iclasında əmək haqlarının və pensiyaların artırılması geniş müzakirə edildi. Dövlət başçısı da bu məsələyə dəfələrlə toxunub. Bu il pensiya və əmək haqları qaldırılmalıdır. Xüsusən, səhiyyə işçiləri, müəllimlərin, büdcə təşkilatında çalışanların əmək haqqı qaldırılacaq. "Əmlak Bazarı" jurnalından |