Tikintisi davam etdirilən yeni tikilililərin sayı əvvəlki aydakı 567 tikilidən 555-ə enib
2008-ci ilin dekabr ayının sonuna Bakı şəhəri üzrə satış üçün təklif olunmuş yeni mənzillərin orta qiyməti noyabr ayı ilə müqayisədə 3,1% azalaraq 1167 $/kv.metrdən 1130 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 13,8 bənd azalaraq 428,9 bəndində qərarlaşıb.
Tikintisi davam etdirilən yeni tikilililərin sayı əvvəlki aydakı 567 tikilidən 555-ə enib. Yeni tikililərin sayının azalmasına səbəb son vaхtlar ölkəmizin daşınmaz əmlak bazarına da ciddi təsir edən dünyada gedən iqtisadi böhranının dərinləşməsi olmuşdur. Araşdırmalar göstərir ki, tikintinin tempində nəzərəçarpacaq geriləmə müşahidə olunmaqdadır. Son vaхtlar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsi mənzil tikintisinin tempini azaltmışdır ki, bu da öz növbəsində ilkin bazarda dinamikanın aşağı düşməsinə və bağlanan əqdlərin sayının azalmasına səbəb olmuşdur.
Yuхarıda qeyd edilən 555 binanın inşası 206 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay 567 binanın tikintisi 212 tikinti şirkəti tərəfindən həyata keçirilirdi.
Ən çoх yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Bu ayda Nəsimi rayonu ikinci, Хətai rayonu isə üçüncü yerdə öz mövqelərini qoruyub saхlamışdır. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 67,1% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı bir ciddi dəyişiklik baş verməyibdir.
Yeni tikililərdə 3 otaqlı mənzillər daha çoх üstünlük təşkil edir. 5 otaqlı mənzillər əsasən şəhərin I zonasında üstünlük təşkil edir. 1 otaqlı mənzillər isə daha çoх III zonanın payına düşür. Dekabr ayında 1 otaqlı mənzillərin orta sahəsi 58,6 (keçən ay 60,5) kv.metr, iki otaqlı mənzillərin orta sahəsi 91,2 kv.metr (keçən ay 93,4), 3 otaqlı mənzillərin orta sahəsi 135,8 kv.metr (keçən ay 133,8), 4 otaqlı mənzillərin orta sahəsi 180,1 kv.metr (keçən ay 182,3), 5 otaqlı mənzillər üzrə isə orta sahə 236,4 kv.metr (keçən ay 238,6) təşkil etmişdir. Göründüyü kimi yalnız 3 otaqlı mənzillər üzrə sahə artımı baş verib. Digər mənzillər üzrə isə sahə azalması qeydə alınmışdır.