|
31.03.2009 17:04 |
|
Mart ayı ərzində ilkin bazar üzrə heç bir rayonda qiymət artımı qeydə alınmayıb Fevral ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikilililərin sayı keçən aydakı kimi 550 ədəd olub. Yeni tikililərin sayının dəyişməməsinə səbəb iqtisadi böhranın təsiri nəticəsində tikintidə tempin son aylarda aşağı düşməsi ilə bağlı olub. Araşdırmalar göstərir ki, tikintinin tempində nəzərə çarpacaq geriləmə davam etməkdədir. Son vaxtlar daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsi mənzil tikintisinin tempini azaltmışdır ki, bu da öz növbəsində ilkin bazarda dinamikanın aşağı düşməsinə və bağlanan əqdlərin sayının azalmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilən 550 binanın inşası 202 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay da 550 binanın tikintisi 202 tikinti şirkəti tərəfindən həyata keçirilirdi. Ay ərzində ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Bu ayda Nəsimi rayonu ikinci, Xətai rayonu isə üçüncü yerdə öz mövqelərini qoruyub saxlamışdır. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 66,5% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı bir ciddi dəyişiklik baş verməmişdir. Ay ərzində ilkin bazar üzrə bütün rayonlar üzrə müxtəlif qiymət azalması müşahidə edilib. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti fevral ayı ərzində 2,5% azalaraq 1106 $/kv.metrdən 1078 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 10,4 bənd azalaraq 409,5 bəndində qərarlaşıb. Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı kimi 121,4 kv.m dəyişməz qalıb. Orta blok və mərtəbə göstəricisi keçən aydakı kimi müvafiq olaraq 2,3 blok və 15,1 mərtəbə olmuşdur.
|