|
19.12.2009 13:59 |
1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) son ayda 2998 ABŞ dollarına qalxıb 2009-cu ilin noyabr ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub.
Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası sentyabr ayına nisbətən bir qədər də azalıb. Noyabr ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın həm orta satış qiymətində, həm də icarə qiymətlərində 0.2% qiymət azalması qeydə alınıb. 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) oktyabrda qeydə alınan 2992 ABŞ dollarından 2998 dollara qalxıb. Qiymətləri zonalar üzrə təhlil etdikdə I və IV zonalarda müvafiq olaraq 0.2% və 0.5% qiymət azalması, II və III zonalarda isə (hər ikisində 0.4%) qiymət artımı müşahidə edilib. Ay ərzində orta qiymətlərdə ən çox artım Səbail rayonunda (1.2%) qeydə alınıb. Ən çox qiymət azalma isə Yasamal rayonunda (1.3%) baş verib. Noyabrda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2998 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 59,2% paya malikdir. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0,1% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 12,3%, ilin əvvəlində qeydə alınmış nəticədən isə 10.6% aşağı enib. Noyabrda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 2.7% artıb. Buna baxmayaraq, bu nisbi artımlar ekspozisiya müddətinin artımının qarşısını ala bilməyibdir. Ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 12.8% təşkil edib. Ötən ayla müqayisədə isə qiymət indeksində 0,2% artım olub. |