|
Ötən üç aydakı passivlik son 2 ildə ən yüksək həddə çatıb Mart ayı ərzində Bakı şəhəri üzrə təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında 3,1% azalma qeydə alınıb. Ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən ay olduğu kimi az olub. Köhnə mənzillərdən fərqli olaraq ümumi təklif üzrə cüzi artım müşahidə olunub. Təklifin artmasına əsasən bazara yeni tikililərin daxil olması təsir göstərib.
Araşdırmalar göstərib ki, təklif üzrə artım ümumi təklif portfelində ciddi dəyişikliklərə səbəb olmayıb. Yeni tikililərin təkrar bazardakı payı ötən ayla müqayisədə 0,9% artmışdır. Nəticədə təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı ötən ay olduğu kimi 60,3% olub. Bazarda təklifin (0,4%) artması qiymət azalmasına bir qədər də təkan verib. Qiymətlərin aşağı düşməsini bazarda davam edən passiv vəziyyətlə, dünyadakı maliyyə böhranının ölkəmizin daşınmaz əmlak bazarına təsiri ilə əlaqələndirmək olar. Aparılan araşdırmalar göstərir ki, 2009-cu ilin ötən 3 ayı ərzində bazarın bu seqmenti üzrə qeydə alınan passivlik son iki ildə ən yüksək həddə catıb. Əmlakın bu növü üzrə likvid dəyər azalıb, risk dərəcəsi isə artmışdır. Bu səbəbdən təkrar bazar üzrə ekspozisiya müddəti daha 4 gün artaraq 115 günə çatıb. Martda qiymət indeksində 11,7 bənd azalma müşahidə edilib. Orta qiymət 4,7% azalaraq 1321 $/kv.m-dən 1259 $/kv.m-ə qədər enmişdir. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1259 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 61,6%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.48 (artım 0,4%), hər otağın orta satış qiyməti 52680 ABŞ dolları (artım 0,7%), mənzilin orta qiyməti isə 124441 (azalma -0,6%) ABŞ dolları təşkil edib. Ay ərzində Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil etmiş və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 78,4%-ə bərabərdir. Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksində də ötən aydan fərqli olaraq azalma baş verib. Bazara təqdim olunan «yeni tiklilər»in təklif portfelində xüsusi çəkisi yenə də artmaqda davam edir. Bu dəyişiklik ilkin bazarda aktivliyin azalması, paralel olaraq yeni tikililərin təkrar bazara çox sürətlə inteqrasiyası ilə izah olunur. Bununla yanaşı, mənzillərin qiymətinin azalmasından narahat olan bəzi qruplar öz əmlaklarını bazardan çıxarırlar ki, bu da paralel olaraq yeni tikilililərin təkrar bazarın ümumi portfeldəki çəkisini artırır. |