|
04.12.2009 14:05 |
|
Ən ucuz torpaq sahəsi Əzizbəyov (Türkan qəsəbəsi) rayonunda (625 $/sot) qeydə alınıb 2009-cu ilin oktyabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Sentyabr ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib.
Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Oktyabr ayında bazara təklif olunan ümumi 819,3 ha torpaq sahəsinin 76,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında qiymət indeksi 8.7 bənd azalaraq 281.8 səviyyəsində qərarlaşıb. Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası oktyabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1.2% artaraq 242 günə çatmışdır. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxmışdır. Ötən aylarda olduğu kimi oktyabr ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunmuşdur. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,0% azalaraq 16842 $/sot səviyyəsindən 16341 $/sot səviyyəsinə enib. Ən çox qiymət azalması Xətai (-7.4%) rayonunda qeydə alınmışdır. «ƏBİ» İB-in monitorinq qrupunun araşdırmaları zamanı müəyyən olunub ki, ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınmışdır. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını saxlayır. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur. Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (250000 min $/sot), ən ucuz torpaq sahəsi isə Əzizbəyov (Türkan qəsəbəsi) rayonunda (625 $/sot) qeydə alınıb.
|