|
Böhran və onun təsirləri tikinti sektorunda Yeni tikililərin alqı-satqısı zamanı Mənzil Tikinti Kooperativləri (MTK) ilə alıcılar arasında imzalanan müqavilələrdəki şərtlərdən biri də «fors-major» hallarla bağlıdır. Belə ki, bu halın baş verməsi zamanı müqaviləyə xitam verilməsinin mümkünlüyü vurğulanır.
Hazırda da dünya ölkələrini bürüyən qlobal maliyyə böhranının bu məsələdə rolu ola bilərmi? Misal üçün, maddi problemlər üzündən tikintinin dayanması və ya alıcının ödəmə imkanlarının məhdudlaşması fors-major hal kimi qəbul edilə bilərmi? Bu məqama aydınlıq gətirmək üçün sualımızı həm MTK-lara, həm də QHT nümayəndələrinə ünvanladıq. «Qaraxan» MTK-nın sədri Kamal Yaqubov: Şəxsən bizim tikintidə böhran hiss olunmur. «Qaraxan MTK» cəmi üç bina tikir. Ola bilər böyük tikintilərdə böhran özünü biruzə verə bilər. Ancaq biz tikinti kooperativi olduğumuzdan müqavilə bağlanan alıcıların ödənişləri hesabına tikintini həyata keçiririk. Təbii ki, elə alıcı ola bilər ki, böhran birbaşa ona təsir edib və maddi çətinlik içindədir, mənzilin pulunu ödəyə bilmir. Əvvəla bizdə bu cür alıcılar yoxdur, olsa da belə, bu vəziyyət fors-major hal kimi qəbul edilmir. Ən pis halda həmin şəxs mənzili təhvil verir və mənzil təkrar satışa çıxarılır. Kooperativ sisteminin qaydalarına görə, kooperativin üzvü olan hər bir mənzil alıcısı müqavilədə əksini tapdığı kimi hər ay vəsaiti ödəməlidir. Əks halda MTK-ya müraciət edir və mövcud vəziyyətin səbəbini əsaslandırır. Nəticədə həmin alıcı ilə müqavilə ləğv olunur, mənzil satışa çıxarılır, satıldıqdan sonra şəxsin ödədiyi pullar geri qaytarılılır. Tikintilər var ki, banklarla əlaqəlidir və böhran yarandığından vəsait ödənişini dondurur. Bizdə isə belə hal mövcud deyil. Yalnız bəzən ödənişlərin müəyyən gecikmə ilə ödənilməsi olur ki, ümumilikdə ciddi problem yaratmır. «Dolçasaray» MTK-nın icraçı direktoru Anar Eminov: Ümümiyyətlə, Azərbaycanda bina tikən şirkətləri iki qismə ayırmaq olar. Bunların birincisi Mənzil Tikinti Kooperativləri (MTK), digəri isə Məhdud Məsuliyyətli Cəmiyyətlərdir (MMC). MTK-lar binanı kooperativ şəkildə inşa edir, MMC-lər isə yalnız sahibkarın öz vəsaiti hesabına fəaliyyət göstərirlər. MMC-lərdə binanın tikintisi ilə bağlı hansısa tərəf qarşısında öhdəlik olmadığından əsas problem MTK-larla bağlı ola bilər. Beynəlxalq təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, maliyyə böhranı fors-major hal hesab edilmir. Indiki təcrübədən çıxış edərək və Azərbaycan qanunvericiliyinə əsaslanaraq deyə bilərik ki, təbii fəlakət baş verirsə belə, yaranmış vəziyyət Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiqlənqdikdən sonra fors-major statusuü qazana bilər. Maliyyə böhranı isə ölkəmizdə heç vaxt fors-majora aid edilə bilməz. Qeyd edim ki, MTK-lar korporativ tikinti olduğundan, büdcə kooperativinin qoyduğu vəsait əsasında formalaşır. Tikinti zamanı müəyyən bahalaşma və ya krizis olarsa, bu zaman kooperativ yardım göstərə bilər. Bu da yalnız könüllü xarakter daşıyır. Ancaq, təcrübədə binanın yarımçıq tikilməsi, hansısa problemlərin baş verməsi, gözəgörünməz əngəllərin ortaya çıxması ola bilər. Bu zaman kooperativ üzvlər birləşərək problemi həll edə bilirlər. Ancaq, bu hal fors-major kimi qəbul oluna bilməz. «İdeal-İ İnşaat» MMC-nin meneceri Vüqar Məmmədov: Maliyyə böhranı fors-major kimi qəbul edilə bilməz. Şəxsən bizim tikinti üçün bu hal qəbul olunmur. Fors-major hallar yalnız zəlzələ, təbii fəlakət və digər fövqaladə hallar üçün səciyyəvidir. Maliyyə böhranı ilə əlaqədar tikinti şirkətinin fəaliyyətində yarana biləcək problemlərin şirkət tərəfindən həll edilməli, alıcının maraqlarına heç bir təsir etməməlidir. Eyni zamanda vətəndaşlar aldıqları mənzillərin pulunu ödəyə bilməzlərsə, onların müraciəti əsasında müqavilə ləğv edilir və həmin şəxsin pulu geri qaytarılır. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin sədri Elman Əsədov: Dünyada baş verən maliyyə böhranı özəl tikinti sektoru üçün qəbuledilməzdir. Çünki, özəl sektorda hər hansı işin görülməsi üçün həmin layihənin smetası tərtib olunur, xərc və maliyyə mənbələri müəyyənləşdirilir və bundan sonra iş icrasına başlanılır. Əgər hər hansı işin xərc smetasının arxasında dayanan maliyyə mövcud deyilsə, bu işin başlanmasının özü böhrandır. Ümumiyyətə, özəl tikinti sektorunda vəsaitə görə iş dayanırsa, bu nizamsız olaraq başlanan layihənin acı nəticəsidir. İnsan Hüquqları üzrə Şuranın sədri, hüquq müdafiəçisi Ənvər Qafarlı: Dünya ölkələrində yaranan maliyyə böhranı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da hiss edilməkdədir. Maliyyə çatışmazlığı əsasən bankların kreditlərin verilməsində məhdudiyyətlər tətbiq etməsi ilə səciyyəvidir. Ancaq, bununla belə paytaxtda və regionlarda tikilən hündürmərtəbəli evlərin alqı-satqısı zamanı imzalanan müqavilənin fors-major bəndinə istinad etməklə MTK-lar tərəfindən binaların tikintisinin dayandırılması və vaxtından gec təhvil vermələri düzgün olmazdı. Mənim fikrimcə, MTK-lar binanı tikməmişdən əvvəl layihənin smeta sənədlərini hazırmamalı və həmin vəsaitə sahib olmalıdırlar ki, layihəni icra etsinlər. Eyni zamanda, gələcəkdə baş verə biləcək bütün hallara qarşı sığortalanmalıdırlar ki, layihəni vaxtında başa çatdırsınlar. Fors-major hal yalnız təbiətin təsiri nəticəsində baş verən təbii fəalkətlərə aid edilə bilinər. |